37 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi İvan Rakitiç Split “Hayduk”unun heyətində futbolçu karyerasına xitam verib.
Arena.az bu barədə “Hayduk”un rəsmi saytına istinadən məlumat verir.
Rakitiç Split təmsilçisinin klub sistemində vəzifə alacaq. “Hayduk”un 41 yaşlı ispaniyalı baş məşqçisi Qonsalo Qarsiya bu barədə bildirib:
“Rakitiç futbolçu karyerasını başa vurur. O, zəkalıdır, yaxşı fikirlərə malikdir, futboldan isə başı çıxır. Amma indi o, çətin dövr yaşayır – butsları kostyuma dəyişmək heç vaxt asan olmur. Əslində, o, mənim indi “Hayduk”da olmağımın səbəblərindən biridir”, deyə Qarsiya etiraf edib.
İvan Rakitiç “Bazel”in məzunudur. Rakitiç karyerası ərzində “Şalke”, “Sevilya”, “Barselona”, “Əl-Şabab” və “Hayduk”da oynayıb.
Rakitiç klub karyerası ərzində 887 oyun keçirib, 125 qol vurub, 141 məhsuldar ötürmə verib.
Rakitiç 2007-ci ilin sentyabr ayında debüt etdiyi Xorvatiya yığmasını heyətində 106 oyuna çıxıb, 15 qol və 16 məhsuldar ötürmə ilə fərqlənib.
Rakitiçin karyerasının ən parlaq dövrü “Barselona”dakı çıxışı ilə bağlıdır. Xorvat yarımmüdafiəçi “Barselona” ilə İspaniya La Liqasının (4 dəfə), İspaniya Kral Kubokunun (4 dəfə), İspaniya Super Kubokunun (2 dəfə), Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub. Rakitiç həmçinin “Bazel”lə İsveçrə Kubokunu, “Şalke” ilə Almaniya Kubokunu və “Sevilya” ilə Avropa Liqasını (2 dəfə) qazanıb.
Rakitiç 2015-ci ildə Xorvatiyada ilin futbolçusu seçilib.
Sonda onu da xatırladaq ki, “Hayduk” Konfrans Liqasının yeni mövsümündə “Zirə”nin rəqibidir. Bir sözlə, Rakitiç karyerasına xitam verdiyi üçün Azərbaycan təmsilçisi ilə qarşıdakı görüşlərdə iştirak edə bilməyəcək.


