Jerom Roten yenə Lionel Messini tənqid atəşinə tutdu

PSJ-nin və Fransa yığmasının sabiq futbolçusu Jerom Roten Argentina yığmasının kapitanı Lionel Messinin ünvanına tənqid yağdırıb.

Arena.az xəbər verir ki, o, Braziliya millisinin futbolçuları ilə əlbəyaxa davaya çıxmış Messinin davranışını pisləyib.

Sözügedən komandalar DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində “Marakana”da üz-üzə gəliblər. Messi 1:0 hesabıyla qalib gəldikləri oyunda Braziliya millisinin vingeri Rodriqo ilə mübahisə edib, təxribata sövq edən sözləri və davranışı ilə diqqət çəkib.

“Belə vəziyyətlərdə ilk hücum edən argentinalılardır. Hamısı onların ulduzu Messidən gəlir. İndi o, dünya çempionudur və həmin turnirə qədər yaxşı istirahət edib. Onun həmişə bu gözəl oğlan obrazı vardı, amma bu, dəyişib. İndi onun əsl mahiyyəti və gerçək siması ortaya çıxıb. Biz hamımız onu gördük. Siz heç ona toxuna bilməzsiniz. İstənilən təmas və o, Rodriqo ilə məqamdakı kimi reaksiya verir: “Ey, mən dünya çempionuyam”. Bu davranış bütün Argentina komandasını əks etdirir. Başqalarından üstün olduqları kimi davranırlar. Daha təvazökar ola bilərdilər.

Messi 2023-cü ildə “Qızıl top”u almamalı idi. Mükafat Halanda verilməli idi. Messinin daha yaxşı olduğu bir göstərici yoxdur. Onun lehinə yeganə dəlil dünya çempionatıdır. Ancaq burada onu Haland ilə müqayisə etmək olmaz, çünki Erlinq norveçlidir”, deyə Jerom Roten bildirib.

Daha əvvəl Messi Uruqvay yığması ilə oyunda (0:2) rəqib komandanın futbolçuları ilə əl-qol səviyyəsində davranıb qarşısına keçən ilk futbolçunun xirtdəyindən yapışmışdı.

Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Onun bu klubla müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədərdir.

Messi kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: