Joan Laporta: “Bütün qərarlar “Real”ın xeyrinədir”

“Barselona”nın prezidenti Joan Laporta VAR-ı digər komandalara münasibətdə qərəzli mövqe tutmaqda ittiham edib.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir:

Laportanın fikrincə, VAR qərargahı “Real”ın təzyiqi altındadır, ona görə də onlar həmişə Madrid klubunun xeyrinə qərarlar verirlər:

“Biz narahatıq. “Barselona” futbolçularının zədədən dönməsindən sonra dirçəlib və çempionluq yarışında qalmaq istəyir. Biz həmçinin ümid edirik ki, rəqiblərimiz büdrəyəcəklər və onda fərqi bağlaya bilərik. Bazar günü bu baş verə bilərdi, amma “Bernabeu”dakı həmin oyunda anlaşılmaz VAR vəziyyəti vardı – bütün VAR qərarları hakimin qərarları ilə ziddiyyət təşkil edirdi.

İnanıram ki, hakimlərə yardım vasitəsi olan VAR-ın həddindən artıq istifadəsi fəsada çevrilir. Qurban rolunu oynamağı sevmirəm, amma ədaləti və dürüst oyunu gözləməyə borcluyuq.

Biz görürük ki, hakimlərə kömək etməli olan alət onlara kömək etmir, əksinə, işini pisləşdirir. Sanki rəqiblərimizin (“Real”ı nəzərdə tutur – redaktorun qeydi) ona göstərdiyi təzyiqə görə, onunla naşı davranırlar. Bu təzyiq isə öz bəhrəsini verir. Çünki bütün qərarlar “Real”ın xeyrinə olur”, deyə Laporta iddia edib.

Laportanın gileyi daha çox İspaniya La Liqasını 21-ci turunun “Real” – “Almeriya” oyununda (3:2) baş vermiş məqamlarla bağlıdır.

Xatırladaq ki, həmin oyundan sonra Joan Laporta “Bernabeu”da baş verənlər dünyəvi biabırçılıqdır”, deyə car çəkib. Amma sözügedən oyunda hakimin guya “Real”a tərəf olması və 0:2 məğlub ikən “kral klubu”nun qələbəsinə “yardım” etməsi kimi iddialar oyundan sonra əsassızlığa uğrayıb. Belə ki, İspaniya Hakimlər Texniki Komitəsi baş hakimin VAR-la danışıqlarını ictimailəşdirib, həmçinin mübahisəli məqamların təhlilini ortaya qoyub. Oyunun hərəki gərginliyində və sonra qonaq klubun düşərgəsinin bu məqamlara və hakimin qərarlarına şübhəli münasibəti isə hisslərin coşğunluğu kimi qiymətləndirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: