İspaniyanın “Atletiko” (Madrid) klubunun və Portuqaliya yığmasının hücumçu Joao Feliks tamhüquqlu əsasda “Çelsi”yə keçib.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Keçid London klubuna 49,2 milyona avro məbləğində başa gəlib. Portuqal futbolçu “zadəganlar”la müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Joao Feliks “Çelsi”yə keçidini şərh edib: “Çelsi”yə qayıtdığım üçün çox şadam və məşqlərə başlamaq intizarındayam. Keçən dəfə burada olan tanış simalar görürəm, bu isə həmişə xoşdur. Burada keçirdiyim vaxtdan çox zövq almışdım, dostlarıma və ailəmə isə bir gün Premyer Liqaya qayıtmaq istədiyimi söyləmişdim. “Çelsi”yə qayıtmaq əla duyğudur və mən buna çox şadam”, deyə Feliks vurğulayıb.
Joao Feliks “Portu”nun yetirməsidir. Futbolçu 2015-ci ildə “Benfika”ya üz tutub. Feliks peşəkar karyerasına da məhz “qartallar”la başlayıb. 2019-cu ildə Madrid “Atletiko”su 127,2 milyon avro məbləğ ödəməklə Feliksi öz heyətinə qatıb.
Portuqal futbolçu “Atletiko”nun heyətində ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Feliks icarədə olduğu “Barselona”nın heyətində uğurla çıxış edib. Portuqal futbolçu “blauqrana”nın heyətində bütün yarışlarda 44 oyun keçirib, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub.
Feliks 2022/2023-cü illər mövsümündə də “Çelsi”də icarədə oynayıb, “zadəganlar”ın heyətində 20 oyuna 4 qol vurub.
Joao Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığma komandasında 41 oyun keçirib, 8 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Joao Feliks Portuqaliya yığmasının heyətində UEFA Millətlər Liqasını (2019) qazanıb.

“Çelsi” mərkəz müdafiəçisi Başir Hamfrisi də “Börnli”yə icarəyə verib. Əslən Uqandadan olan ingiltərəli 21 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. London klubunun öz yetirməsi olan müdafiəçi daha öncə “Paderborn” və “Suonsi Siti”də də icarədə olub. O, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.


