Joao Kanselo və Deyli Blind “Bayern”dən getdi – Rəsmi

Futbol üzrə Almaniya çempionu “Bayern” iki futbolçusu – Joao Kanselo və Deyli Blind ilə yollarını ayırdığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.

Almaniya nəhəngi bu iki futbolçu ilə əməkdaşlığın davam etdirilməyəcəyini açıqlayaraq, onlara indiyəqədərki xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Joao Kanselo qış transfer pəncərəsində İngiltərənin “Mançester Siti” klubundan icarəyə götürülmüşdü. Münhen təmsilçisi satınalma variantını aktivləşdirməyib. Bu üzdən də portuqal müdafiəçi “Mançester Siti”yə qayıdıb. O, Münhen klubunun heyətində meydana çıxdığı 21 oyunda 1 qol və 6 assistlə yadda qalıb. Futbolçunun “Mançester Siti” karyerası isə 154 oyun, 9 qol və 22 assistdən ibarətdir. O, “Valensiya”, “Benfika”, “Yuventus”, “İnter” kimi klubların da formasını geyinib. 29 yaşlı futbolçu Portuqaliya yığmasında da 44 oyuna 8 qol vurub.

Deyli Blind isə “Bayern”ə yanvarda azad agent kimi keçmiş və mövsümün sonuna qədər müqavilə imzalamışdı. Münhen klubu onunla da müqaviləni yeniləməmək qərarına gəlib. Niderlanddan olan 33 yaşlı futbolçu Almaniya nəhənginin heyətində cəmi 5 oyuna çıxıb. O, Kanselo ilə birgə Almaniya çempionluğunu bayram edib.

Blind daha öncə “Ayaks”, “Mançester Yunayted və “Qroningen” kimi klublarda da forma geyinib. O, Niderland yığmasında keçirdiyi 101 oyunda 3 qol müəllifi olub.

“Bayern” gənc futbolçusu Brayt Arrey-Mbi ilə də yollarını ayırıb. 20 yaşlı mərkəz müdafiəçisi azad agent kimi “Hannover”ə keçib. Əslən Kamerundan olan almaniyalı futbolçu daha öncə “Hannover”də icarədə də oynayıb. Müdafiəçi Münhen klubunun əsas komandasında cəmi 1 matç keçirib.

Münhen klubu sol cinah müdafiəçisi David Heroldla da yeni müqavilə imzalandığını açıqlayıb. 20 yaşlı almanla yeni sözləşmə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. O, yeni müqaviləyə izma atdıqdan sonra “Karlsrue”yə icarəyə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: