Joze Mourinyo ərəblərin daha bir təklifini rədd etdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan aldığı cəlbedici təklifdən imtina edib.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, ərəblər 60 yaşlı portuqal mütəxəssisə illik 30 milyon avro məvaciblə müqavilə təklif etsələr də, Mour bu təklifdən imtina edib.

Vurğulayaq ki, Mourinyo “Roma”da mövsümə 7,5 milyon avro maaş alır alır.

Bir müddət öncə o, ərəb klublarından aldığı daha bir belə sərfəli təklifdən imtina etmişdi.

Joze Mourinyo 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır və klubla müqaviləsi 2024-cü ilin iyun ayına qədər qüvvədədir.

Mourinyo “Roma”da elə ilk mövsümdəcə (2021/2022) Avropa Konfrans Liqasının ilk tarixi mövsümünü qələbə ilə başa vurmağı bacarıb. 2022/2023 mövsümündə isə Mour “Roma”nı Avropa Liqasının finalına çıxarsa da, burada “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olub.

Geridə qalmış mövsümdə “Roma” Mourinyonun rəhbərliyi altında A Seriyasında 6-cı yeri tutub.

Xəbəri sosial şəbəkələrdə paylaş: