Portuqaliyalı tanımış futbol mütəxəssis Joze Mourinyo bu ölkənin “Benfika” komandasının baş məşqçi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Lissabon klubunun mətbuat xidməti məlumat yayıb.
Lissabon təmsilçisi ilə 62 yaşlı mütəxəssis arasında imzalanmış müqavilənin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər davam edəcək.
Qeyd edək ki, Joze Mourinyo bu postda ötən gün istefaya göndərilmiş Bruno Lageni əvəzləyib. Hansı ki, Lage UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində doğma meydanda Azərbaycan çempionu “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulmuşdu.
Mourinyo özü də bir neçə gün öncə Türkiyənin “Fənərbağça” komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilmişdi. O, 2024-cü ilin iyul ayında “Fənərbağça”nın sükanı arxasına keçmişdi. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. O, “Fənərbağça”nı bütövlükdə 62 oyuna çıxarıb, 37 qələbə, 14 heç-heçə, 11 məğlubiyyət görüb. Mourinyonun istefasına komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.
Joze Mourinyo karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nı çalışdırıb.