Joze Mourinyo Romelu Lukakunun hazırlığını qiymətləndirdi

“Roma”nın baş məşqçisi Joze Mourinyo klubun yeni transferi – belçikalı hücumçu Romelu Lukakunun hazırlıq vəziyyətindən danışıb.

Arena.az bu barədə DAZN dərgisinə istinadən məlumat verir:

“Lukaku Belçika yığmasında son oyununu UEFA Çempionlar Liqasının finalından sonra keçirib. Hələ komanda ilə işləməyib, topla məşq etməyib. O, peşəkardır və buna görə də onun cari forması dəhşətli deyil, amma bunu əla adlandırmaq olmaz”, deyə Mourinyo vurğulayıb.

Dünən, sentyabrın 1-də “Roma” İtaliya A Seriyasının 3-cü turu çərçivəsində “Milan”ı qəbul edib. “Canvarlar”ın baş məşqçisi Joze Mourinyo Romelu Lukakunu əsas heyətin tərkibində meydana buraxmayıb. Portuqal mütəxəssis belçikalı hücumçunu oyunun ikinci hissəsində, 70-ci dəqiqədə əvəzetmə ilə oyuna daxil edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Lukaku “Roma”da icarə əsasında çıxış edəcək. “Canavarlar” belçikalı hücumçunun xidmətinə dair, futbolçunun transfer hüquqlarının sahibi “Çelsi” ilə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıblar.

Geridə qalmış 2022/2023 mövsümünü Lukaku “İnter”də icarə əsasında keçirib. Belçikalı hücumçu “neradzurrinin heyətində 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukaku hazırda kapitanı olduğu və 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 108 oyun keçirib, 75 qol vurub, 15 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: