Kərim Benzema Raul Qonzalesə çatdı

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə ev oyunu “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub. Arena.az xəbər verir ki, fransalı futbolçu Madrid təmsilçisinin heyətində qitənin ən nüfuzlu klub turnirində 130-cu görüşünü keçirib.

Nəticədə Benzema bu komandanın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb. Fransalı forvard hazırda ispaniyalı ilə birlikdə 2-ci yeri bölüşür. “Real”ın heyətində ÇL-də ən çox oyun keçirən futbolçu isə İker Kasilyasdır. Ötənlərin məşhur qapıçısı vaxtilə bu komandada 150 ÇL matçına çıxıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində hesabı açan Benzema 2023-cü ildə bütün turnirlərdəki qol sayını 18-ə çatdırıb. O, bu göstəricidə İngiltərə təmsilçisi “Mançester Siti”nin hücumçusu Erlinq Halandla liderliyi bölüşür.

Xatırladaq ki, Benzema daha öncə formasını geyindiyi Lion “Olimpik”inin heyətində də Çempionlar Liqasının 19 matçının iştirakçısı olub, 12 qol vurub. Bir sözlə o, Çempionlar Liqasında bütövlükdə 149 oyunda 90 dəfə rəqiblərin qapısına yol tapıb. Fransalı qrup mərhələsində 56, 1/8 finalda 17, 1/4 finalda 8, yarımfinalda 8 və finalda 1 qol vurub. O, hazırda Robert Levandovskidən cəmi 1 qol geri qalır. Polşalı 111 görüşdə 91 dəfə fərqlənib. ÇL-in ən məhsuldar futbolçusu isə 140 qolla (183 oyun) Kristiano Ronaldodur. İkinci yerdə qərarlaşan Lionel Messinin aktivində isə 163 görüşdə 129 qol var.

Xatırladaq ki, Kərim Benzema 2009-cu ilin iyul ayından “Real”da çıxış edir. Fransa millisinin üzvü bu komandada meydana çıxdığı 638 matçda 349 qola imza atıb, 165 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli forvard daha öncə Fransanın “Olimpik” (Lion) klubunun heyətində də 148 oyuna 66 qol və 27 assistlə yadda qalıb. Fransa millisində 97 matç keçirmiş futbolçu 37 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: