Braziliya millisinin sabiq sağ cinah müdafiəçisi Kafu İspaniya yığmasında eyni mövqedə çıxış edən Dani Karvaxal haqda fikirlərini paylaşıb.
Arena.az Kafunun bu barədə fikirlərini təqdim edir:
“Uzun müddətdir ki, o, dünyanın ən yaxşılarından biridir. Dani, irəli gedən, ötürmələr edən müdafiəçidir. Qol vuran və bunu sevən müdafiəçidir”, deyə Kafu vurğulayıb.
Xatırladaq ki, İspaniya millisinin də üzvü olan Dani Karvaxal bir neçə gün öncə Avropa çempionatları tarixinə düşüb. O, Almaniyada keçirilən AÇ-2024-ün qrup mərhələsinin ilk turu çərçivəsində baş tutan Xorvatiya ilə matçın ilk yarısının artırılma dəqiqələrində vurduğu qolla rekorda imza atıb. 32 yaş 156 günlüyündə rəqib qapısına yol tapan Karvaxal bununla da İspaniyanın Avropa çempionatlarında qol vuran ən yaşlı futbolçusu olub. Matç ispanların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb və tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024 mövsümündə Karvaxal “Real”ın heyətində 41 oyun keçirib, 6 qol vurub, 5 məhsuldar ötürmə verib. Daniel “Real”la bütün mümkün klub turnirlərini qazanıb: 4 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 45 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023 UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 turnirlərində çempion olub.
“Transfermarkt” internet-portalı 32 yaşlı Daniel Karvaxalı 12 milyon avro məbləğində qiymətləndirir.


