Kaltsona: “Kvaratsxeliyaya vaxt vermək gərəkdir”

“Napoli”nin baş məşqçisi Françesko Kaltsona klubun qarşıdan gələn yay transfer pəncərəsi ilə bağlı planlarından danışıb.

Arena.az xəbər verir ki, italyan mütəxəssis həmçinin komandanın gürcü vingeri Xviç Kvaratsxeliya haqda fikirlərini paylaşıb:

“Klubun strategiyası olacaq. Bu komandanı canlandırmaq və onları layiq olduqları mövqeyə qaytarmaq üçün nə edəcəyini biləcək.

Kvaratsxeliya “Napoli” üçün vacib oyunçudur. O, gəncdir və bəzən parlayır, amma oyunçunun keyfiyyəti orta səviyyədən yuxarı olanda ona böyümək üçün vaxt vermək gərəkdir. Məncə, o, artıq demək olar ki, çempiondur”, deyə Kaltsona bildirib.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 87 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: