Kalvin Fillips “Şeffild Yunayted”ə qayıtdı

“Mançester Siti”nin dayaq yarımmüdafiəçi Kalvin Fillips icarə əsasında İngiltərənin digər klubu “Şeffild Yunayted”ə keçib.

Arena.az bu barədə “Şeffild Yunayted”in rəsmi saytına istinadən xəbər verir.

Klublar 30 yaşlı futbolçunun 2026/2027-ci illər mövsümünün sonuna qədər icarəyə verilməsi barədə razılığa gəliblər.

İngiltərə millisinin üzvü artıq ötən mövsümün ikinci yarısında “Şeffild Yunayted”in formasını geyinib. Lakin Fillipsin komandada özünü tam göstərməsinə səhhəti ilə bağlı problemlər mane olub.

Ağır zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalan yarımmüdafiəçi ötən mövsüm “Şeffild Yunayted”in heyətində cəmi 3 rəsmi matçda iştirak edib. Futbolçu bu qarşılaşmalarda məhsuldar fəaliyyətlə yadda qalmayıb.

“Mançester Siti” əslən Yamaykadan olan ingiltərəli futbolçunu 2022-ci ilin yayında “Lids”dən 49 milyon avroya transfer edib. Amma o, “şəhərlilər”in heyətində möhkəmlənə bilməyib. Bu komandada 32 oyun keçirmiş Kalvin, 1 qola imza atıb. Onun İngiltərə nəhəngi ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Karyerasının böyük hissəsi yetirməsi olduğu “Lids”də keçmiş Kalvin, bu komandada 234 oyun keçirib, 14 qol vurub, 13 assist müəllifi olub. O, bir müddət “İpsviç Taun” və “Vest Hem”də də çıxış edib.

Kalvin 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə milli komandasında da 31 oyuna çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” portalı 30 yaşlı futbolçunun hazırkı bazar dəyərini 2,5 milyon avro qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: