İngiltərənin “Aston Villa” klubunun gənc hücumçusu Kameron Arçer bundan sonra “Sauthempton”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Sauthempton” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Sözügedən klub bu transfer üçün “Aston Villa”ya 17,6 milyon avro ödəyib. 21 yaşlı futbolçu “Sauthempton”la 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə bağlayıb.
Kameron Arçer “Aston Villa”nın yetirməsidir. O, bu klubun əsas komandasında 14 oyuna çıxıb, 4 qola imza atıb. Hücumçu “Şeffild Yunayted”, “Solihall Murs”, “Preston Nort End”, “Midlsbro” kimi klublarda icarədə də olub.
Arçer İngiltərənin U-20 və U-21 yığmalarında oynasa da, əsas komandada debüt şansı qazanmayıb. O, gənclərdən ibarət yığma ilə Avropa çempionatının (2023) da qalibi olub.
“Aston Villa” dörd futbolçusunu da icarəyə verib. Keyn Kesler-Hayden “Preston Nort End”ə icarəyə verilib. 21 yaşlı futbolçu əvvəlki mövsümlərdə “Suindon Taun”, “Milton Kins-Dons”, “Haddersfild”, “Plimut” kimi klublarda da icarədə olub. Sağ cinah müdafiəçisi “Aston Villa”nın əsas komandasında cəmi 5 oyun keçirib.
Əslən Portuqaliyadan olan ingiltərəli sol cinah müdafiəçisi Lino Souza da “Bristol Rovers”ə icarəyə verilib. 19 yaşlı futbolçu ötən mövsüm “Plimut”da da icarədə olub. “Aston Villa”nın əsas komandasında debüt etməmiş futbolçu İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.
“Aston Villa”nın sol vingeri Lyuis Dobbin də “Vest Bromviç”ə keçib. “Everton”un yetirməsi olan ingilis futbolçu “Derbi Kaunti”də də oynayıb. “Aston Villa”da hələ debüt imkanı qazanmamış 21 yaşlı vinger İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
Digər sol vinger Lui Barri də “Stokport”a icarəyə verilib. 21 yaşlı futbolçu daha öncə “İpsviç Taun”, “Suindon Taun”, “Milton Kins-Dons”, “Solford Siti” kimi klublarda da oynayıb. O, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.


