Kaoru Mitoma üçün mövsüm erkən bitdi

Futbol üzrə Yaponiya yığmasının və İngiltərənin “Brayton” klubunun sol cinah vingeri Kaoru Mitoma üçün 2023/2024 mövsümü erkən bitib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Roberto De Zerbi məlumat verib:

“Mitoma son turda “Everton”a qarşı oyunda belindəki zədəyə görə oynamadı. Bu, ciddi bir problemdir. Təxminən, 2-3 ay oynamayacaq, yəni onun üçün mövsüm bitdi”.

Xatırladaq ki, Mitoma hələ Premyer Liqanın 18-ci turu çərçivəsində baş tutan “Kristal Pelas”la matçda ağır zədə almışdı. Həmin vaxt onun 4-6 həftəlik sıradan çıxdığı diqqətə çatdırılmışdı. Fevralın əvvəlindı sıraya dönən futbolçu “Tottenhem” və “Şeffild Yunayted”lə görüşlərdə iştirak etsə də, köhnə zədəsi yenidən onu yaşıl meydanlardan kənar salıb.

Kaoru Mitoma 2021-ci ilin avqust ayından “Brayton”da forma geyinir. 26 yaşlı vinger bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 26 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. Yapon futbolçunun “Brayton”dakı ümumi statistikası isə belədir: 67 oyun, 13 qol, 14 məhsuldar ötürmə.

Mitoma “Kavasaki Front”, “Yunion” və “Tsukuba” kimi komandalarda da forma geyinib. O, 2021-ci ilin noyabr ayında debüt etdiyi Yaponiya milli komandasının heyətində 20 matça çıxıb, 7 qola imza atıb, 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı yapon futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

“Brayton” İngiltərə Prmyer Liqasının cari mövsümündə 26 oyuna topladığı 39 xalla 7-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: