İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Arena.az xəbər verir ki, 62 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.
Madrid təmsilçisi ötən gecə İngiltərənin “Mançester Siti” klubunu yarımfinal mərhələsinin cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. “Kral klubu” səfərdə rəqibinə 3:4 hesabı ilə uduzsa da, ümumi hesabda qalib gələrək mərhələ adlayıb.
Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya “Milan”ında, 2014-cü ildə isə “Real”da finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə “Liverpul”una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub – 3:2.
Xatırladaq ki, bu mövsümə qədər ÇL-də ən çox final oynamış mütəxəssislər Aleks Ferqyuson, Migel Munoz, Marçello Lippi və Karlo Ançelotti idi. Adı çəkilən məşqçilər qitənin ən nüfuzlu klub turnirində 4 dəfə final oynamışdılar. Bu mövsüm həmin siyahıya “Liverpul”un baş məşqçisi Yurgen Klopp da qoşuldu. İngiltərə klubunun almaniyalı çalışdırıcısı da bu mövsüm ÇL-in finalında oynamaq hüququ qazanıb. Lakin ötən gecə “Real”ı finala çıxaran Ançelotti bu həmkarlarının hamısını qabaqlamağa nail olub.
“Real”ın italiyalı çalışdırıcısı bir neçə gün öncə dünya futbolunda daha bir ilki gerçəkləşdirmişdi. O, “Böyük beşlik” ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi kimi tarixə düşüb. Ançelotti daha öncə ölkəsində “Milan”la, İngiltərədə “Çelsi” ilə, Fransada PSJ ilə, Almaniyada isə “Bayern”lə ölkə çempionu olmuşdu.
Xatırladaq ki, “Real” Çempionlar Liqasının finalında “Liverpul”la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki “Stad de Frans”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


