Karlo Ançelotti ÇL-in finalında qazandığı qələbədən danışdı

“Real” baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı üzərindəkı qələbəsini şərh edib.

Arena.az xatırladır ki, “Real” bu rəqibini 2:0 hesabı ilə məğlub edərək, tarixində 15-ci dəfə qitənin ən mötəbər klub kubokunu başı üzərinə qaldırıb.

“Bu, yuxu kimi görünür, amma gerçəklikdir. Mən çox xoşbəxtəm, əlbəttə. Həqiqətən çətin oyun, həmişə olduğu kimi, birinci hissədə daha yaxşı oynadılar, ikinci hissədə daha yaxşı oynadıq, amma final həmişə belə olur. Biz qalib gələ bildik, bu, fantastik mövsümdür və biz çox şadıq ki, yenidən kuboku qazana bildik”.

İtalyan mütəxəssis birinci hissədə rəqibin üstünlüyü şəraitində özünə bənzəməyən komandasını fasilədə tənbeh etməyə ehtiyac görmədiyini bildirib:

“Fasilədə yüksək səslə qışqırmağa ehtiyacım yox idi, amma bir məqamı aydınlaşdırmalıydım. Biz çoxlu top itirdik və “Borussiya” bizdən daha yaxşı köklənirdi. Sonra taktikamızı azacıq da sazladıq. Meydanda daha yaxşı olduq. Xoşbəxtlikdən, bu, sonda işə yaradı”.

Ançelotti “Borussiya”nın oyunu haqda fikrini açıqlayıb:

“Əvvəla, biz çoxlu top itirdik və onlar müdafiədən hücuma keçiddə güclü idilər. Yaxşı tarazlığımız yox idi. Onların iki qol imkanı oldu – Adeyemi və Füllkruq. Keçid zamanı güclü olmaq və arxada qüvvətli qalmaq üçün çox tarazlıq gərəkdir. Onların belə oynadıqları çox aydın idi – aşağı sədd və keçid.

Oyunçularımız əsəbi deyildilər, sakit idilər. Mən dedim ki, biz daha yaxşısını etməliyik və onlar daha yaxşısını edə biləcəkləri ilə razılaşdılar.

Bu olduqca adi görünür, amma adi deyil. 10 ildə 6 ÇL kubokunu qazanmaq bir klub üçün xüsusi bir məqamdır. Çünki bu, gördüyünüz kimi, asan deyil. “Borussiya” çox yaxşı oynadı, ilk hissədə bizdən güclü və üstün idilər. Bu anda sakit və nəzarətdə qalmaq gərəkdir. Bu, fantastik nəticədir, çünki onlar daha yaxşı oynadılar və zirvədə qalmaq hüququ qazana bilərdilər. İkinci hissə daha yaxşı oldu”.

Karlo Ançelotti “Real”ın prezidenti Florentino Peresə də müraciət ünvanlayıb:

“Bəli, indi biz qələbəmizi qeyd edəcəyik. Mən prezident Peresə 16-cı Çempionlar Liqası qəniməti haqda düşünməyə başlamasını söylədim – amma bunu sabahdan etməyi demirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: