Karlo Ançelotti “Real”dakı gələcəyi ilə bağlı danışdı

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti Madrid klubundakı gələcəyi ilə bağlı suala cavabı ilə diqqət çəkib.

Arena.az məlumat verir ki, müvafiq sual itlayan mütəxəssisə xüsusi mətbuat toplantısında ünvanlanıb:

– Əgər siz İspaniya çempionatını və İspaniya Kubokunu qazansanız, klubu tərk edəcəksiniz?
– Futbolda hər şey mümkündür. Nə desən, baş verə bilər.

Xatırladaq ki, “Real” cari mövsüm Çempionlar Liqasının çərək finalında “Arsenal” tərəfindən ələndikdən (səfərədə 0:3; evdə 1:2) sonra, Ançelottinin mövsümün bitməsilə “Real”dan istefaya göndəriləcəyi haqda şayiələr artıb. Əsas söz-söhbət italyan mütəxəssisin Braziliya milli komandasının sükanı arxasına keçəcəyi ilə bağlıdır. Mətbuat hələ ötən ildən Ançelottini “selosao”nun baş məşqçisi “təyin edib”.

Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdan italiyalı məşqçi indiyədək “qaymaqlılar”ı çalışdırır. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Karlo Ançelotti “Real”ı 346 oyuna çıxarıb, 248 qələbə, 48 heç-heçə, 50 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 831:339 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

“Real” 32 oyundan 69 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: