Karlo Holse “Samsunspor”da

Norveçin “Rusenborq” klubunun hücumameyilli yarımmüdafiəçisi Karlo Holse bundan sonra “Samsunspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Super Liqa təmsilçisi onun keçidi üçün 2,5 milyon avrosundan keçib. 24 yaşlı danimarkalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Karlo Holse “Rusenborq”dan öncə “Kopenhagen” və “Esbyerq”in də formasını geyinib. O, Danimarkanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Espanyol”un belçikalı hücumçusu Landri Dimata da “Samsunspor”a keçib. Türkiyə klubu onun keçidi üçün 1,5 milyon avro ödəyib. 26 yaşlı forvardla 3 illik sözləşmə imzalanıb. Əslən Konqodan olan hücumçu daha öncə “Ostende”, “Volfsburq”, “Anderlext” və “Neymegen” kimi klublarda, Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.

Fransanın “Renn” klubunun mərkəz yarımmüdafiəçi Flavyen Tait də “Samsunspor”a keçib. Super Liqa klubu onu azad agent kimi heyətinə qatıb və 3 illik müqavilə bağlayıb. 30 yaşlı yarımmüdafiəçi “Renn”dən öncə “Şarlerua” və “Anje”də də çıxış edib.

Samsun klubu Super Liqanın digər təmsilçisi “Kasımpaşa”dan ayrılan Mikael Tirpanı da heyətinə qatıb. Azad agent statusuna malik 29 yaşlı belçikalı ilə 1 illik müqavilə imzalanıb. 2020-ci ilin yanvarından “Kasımpaşa”da çıxış edən dayaq yarımmüdafiəçisi “Fortuna Sittard”, “Dender”, “Sirinq Yunayted”, “Muskron”, “Eupen”, “Lokeren” kimi klublarda da oynayıb.

“Orlando”nun türkəsilli avstriyalı hücumçusu Ercan Kara da “Samsunspor”a keçib. Türkiyə klubu onun keçidinə görə 150 min avro ödəyib. 27 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Ercan Kara MLS təmsilçisindən öncə “Rapid” (Vyana), “Horn”, “Marveyk”, “Slovan” kimi klubların da uğurları üçün çalışıb, Avstriya yığmasında 7 oyun keçirib.

“Samsunspor” Belçikanın “Vesterlo” klubunun türkiyəli yarımmüdafiəçisi Məhəmməd Gümüşkayanı da bu mövsümün sonuna kimi icarəyə götürüb. 22 yaşlı futbolçu “Fənərbaxça”nın yetirməsidir. O, “Boluspor” və “Girəsunspor”un da formasını geyinib, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.

Super Liqa klubunda 4 ayrılıq

“Samsunspor”da dörd ayrılıq da qeydə alınıb. Hücumçu Ahmet Sağat “Çorum”a, sağ cinah vingeri Barış Alıcı isə “Kocaelispor”a icarəyə verilib. Onların hər ikisi mövsümün sonuna kimi icarədə olacaq.

Samsun klubunun sağ cinah vingeri Kadim Harris azad agent kimi “Bandırmaspor”a keçib. 30 yaşlı ingilis futbolçu yeni klubu ilə 1+1 illik müqavilə imzalanıb.

Braziliyalı hücumçu Duqlas Tanke isə “Kocaelispor”a keçib. 29 yaşlı forvard yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: