Portuqaliyanın “Jil Visente” klubunun hücumçusu Karlos Eduardo Borges Parente bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Azərbaycan çempionu 24 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. İcarə müqaviləsində “Sabah”ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.
Karlos Eduardo Borges Parente Brazuliyanın “Bruski” klubunun yetirməsidir. O, karyerası ərzində Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimo” (B və əsas komandalarında, 2021–2024), həmçinin “Felqeyras”da (2024–2025) çıxış edib. 2025-ci ildən “Jil Visente”də forma geyinən braziliyalı forvard bu komandanın heyətində 25 oyuna çıxıb, cəmi 2 qolla yadda qalıb.
Azərbaycanı UEFA Çempionlar Liqasının Liqa mərhələsində təmsil edəcək “Sabah”ın elə də məhsuldar olmayan belə bir hücumçu ilə nəhənglər önünə çıxmağı hədəfləməsi absurd görünür. Hər halda braziliyalı forvardın özünü yeni klubunda necə təsir bağışlayacağını zaman göstərəcək.


