Karrager Messidən təhqiramiz ismarış aldığını bəyan etdi

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager argentinalı ulduz Lionel Messidən sosial mediada təhqiredici ismarış aldığı haqda danışıb.

Arena.az “Goal” dərgisinə istinadən Karragerin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən sadəcə onun mənə dediyi sözü deyəcəyəm. Amma mən onu başa düşmürəm – “burro”. Bunun mənası nədir? Eşşək? Xub, təşəkkür edirəm”, deyə Karrager bildirib.

Xoşagəlməz hadisə Messi PSJ-də çıxış edərkən yaşanıb.
Karragerin sözlərinə görə, o, bu ismarışı PSJ-nin Çempionlar Liqasındakı uğursuzluqlarını tənqid etdikdən sonra alıb.

Xatırladaq ki, Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Parislilərin heyətində argentinalı ulduz hücumçu 2 dəfə Fransa çempionatını (2021/2022, 2022/2023) və Fransa Super Kubokunu (2022) qazanıb. Messi Fransa nəhənginin heyətində Neymar və Mbappe kimi ulduzlarla birlikdə çıxış etdiyi müddətdə, PSJ-nin Çempionlar Liqasını qazanmaq yolunda cəhdləri uğursuzluğa düşar olub.

Cari ilin yay transfer pəncərəsində isə Messi PSJ-dən azad agent qismində ayrılaraq, MLS təmsilçisi “İnter Mayami” klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvdə olacaq müqavilə imzalayıb.