Belçika yığmasının yarımmüdafiəçisi Yannik Karrasko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Bakıda baş tutan F qrupunun 5-ci turunun oyunu belçikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların yeganə qolunun müəllifi bu yay Madrid “Atletiko”sundan 15 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı “Əl-Şabab”ına keçən Yannik Karrasko olub.
Belçikalı futbolçu bu matçda əsas hədəfin üç xal qazanmaq olduğunu bildirib. Karrasko fərqləndiyi vəziyyəti məşhur italiyalı hücumçu Filippo İnzaqinin qolları ilə müqayisə edib:
“Etiraf edim ki, qol zamanı bəxtimiz gətirdi. Filippo İnzaqi də tez-tez belə şanslı qollar vururdu. Fərqləndiyimə görə, çox şadam. Çətin səfər matçında vacib üç xal əldə etdik. Meydançanın vəziyyəti yaxşı deyildi. Azərbaycan yığmasının itirəcəyi heç bir şey yox idi. Rəqib komandanın son dəqiqələrdə fərqlənmək şansı var idi”.
Belçika yığmasının digər üzvü Leandro Trossard da Bakıdakı matçla bağlı fikirlərini bölüşüb və “Dalğa Arena”nın ot örtüyünü tənqid edib:
“Meydanın örtüyü bizim xeyrimizə deyildi. Qarşılaşdığım ən pis meydançalardan biri idi. Amma bu, bizə bəraət qazandırmır. Biz qol imkanları yaratdıq, mənim zərbəm dirəkdən döndü. Hesabın 1:0 olması bizim daha çətin vəziyyətə düşə biləcəyimizi göstərir. Əsas odur ki, çətin səfərdə üç xal qazandıq”.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələsində öz meydanında keçirdiyi ikinci oyundada qələbə qazana bilməyib. Komandamız ilk görüşdə Estoniya ilə 1:1 hesabı ilə heç-heçə oynamışdı. İlk iki turda isə İsveç və Avstriya ilə oyunlar yığmamızın acınacaqlı məğlubiyyətləri ilə yekunlaşmışdı.


