“Bayer”in baş direktoru Fernando Karro “əczaçılar”ın alman yarımmüdafiəçisi Florian Virtsin klubdakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən, “Bayern”ə keçidi istisna edilməyən futbolçunun gələcəyinə dair Karronun cavabını təqdim edir:
“Virts “Bayern”ə gedəcəkmi? Futbolda heç nəyi vəd etmək olmaz. O, bizimlə “əbədi” qalsa, xoşbəxt olardıq. Çox güman ki, Virtz satılarsa, tarixin ən bahalı alman futbolçusu olacaq”, deyə Karro vurğulayıb.
Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 162 oyun, 47 qol, 51 məhsuldar ötürmə.
Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 27 oyuna çıxıb, 4 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.


