Karro Virtsin “Bayer”lə müqaviləsi ilə bağlı vəziyyəti şərh etdi

“Bayer”in baş direktoru Fernando Karro “əczaçlar”ın alman yarımmüdafiəçisi Florian Virtsin müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.

Arena.az xatırladır ki, daha əvvəl mətbuatda, Virtisin “əczaçılar”la müqaviləsini yeniləyəcəyi və ən azı bir il yay transfer pəncərəsindən imtina edə biləcəyi ilə bağlı məlumat yayılmışdı.

“Biz Florianın bizim üçün mümkün qədər uzun müddət oynamasını istəyirik. O, ən azı 2026-cı il dünya çempionatına, yəni növbəti mövsüm daxil olmaqla, qalsaydı, əla olardı. Bunun başvermə ehtimalı müqavilə müddətinin uzadılması ilə açıq surətdə artır. Ona görə də biz onun müqaviləsinin müddətini uzatmağı çox istərdik”, deyə Karro bildirib.

Hücumameyilli yarımmüdafiəçi Florian Virts “Bayer”in əsas komandasında 2020-ci ilin iyul ayından çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib.

Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 12 qol vurub, 8 məhsuldar ötürmə verib.

Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 177 oyun, 53 qol, 58 məhsuldar ötürmə.

Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.

Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 140 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: