Kenan Piriç “Neftçi”yə lazım olmadı

“Neftçi” ilə Bosniya və Herseqovina yığmasının qapıçısı Kenan Piriç arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” Piriçə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Kenan Piriç ötən ilin yayında “Neftçi”yə transfer olunmuşdu. Bosniya və herseqovinalı qapıçı bu komandanın heyətində 29 rəsmi oyun keçirib, 31 qol buraxıb, 10 matçda qapısını toxunulmaz saxlayıb.

Piriç Bosniya və Herseqovinanın “Sloboda” (Tuzla) klubunun yetirməsidir. “Qradina”, “Gent”, “Zrinski”, “Maribor”, “Atromitos”, “Göztəpə”, AEK (Larnaka) kimi klublarda da forma geyinmiş qolkiper “Neftçi”dən öncə “Antalyaspor”da çıxış edib.

Kenan Piriç 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub. O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.
Bosniya və Herseqovinanın U-21 yığmasında da oynamış futbolçu 2018-ci ilin fevralında əsas millidə debüt edib. Kenan Piriç əsas millidə 8 oyun keçirib, 8 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: