“Kasımpaşa” heyətini iki yeni futbolçu – sağ cinah müdafiəçisi Klaudio Vinkk və mərkəz müdafiəçisi Kennet Omeruo ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Vinkk Portuqaliyanın “Maritimo” azad agent kimi, Omeruo isə İspaniyanın “Leqanes” klubundan 1 milyon avro qarşılığında Super Liqa təmsilçisinə keçib. İstanbul təmsilçisi yeni transferləri ilə müqavilənin müddətini gizli saxlayıb.
Klaudio Vinkk 2020-ci ilin sentyabrından “Maritimo”da çıxış edirdi. Braziliyadan olan 29 yaşlı futbolçu Portuqaliya klubunda 103 oyun keçirib. O, bu oyunlarda 11 qol, eyni sayda da məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu “İnternasional”, “Sport Resife”, “Vasko da Qama, “Şapekoense” və “Verona”nın da uğurları üçün çalışıb. Braziliyanın U-16 yığmasında oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.
Kennet Omeruo isə “Leqanes”ə 2019-cu ilin avqustunda İngiltərə nəhəngi “Çelsi”dən 5 milyon avro qarşılığında keçmişdi. Nigeriyadan olan 29 yaşlı futbolçu bu komandada 123 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub. “Den Haq” və “Midlsbro”da da oynamış futbolçu daha öncə Türkiyədə “Alanyaspor”un da uğurları üçün çalışıb. “Kasımpaşa” Omeruonu hələ “Çelsi”də olarkən iki dəfə icarə əsasında heyətinə qatıb. 2015/2016 və 2017/2018 mövsümlərində İstanbul klubunda forma geyinmiş müdafiəçi burada 54 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. Kennet Nigeriya yığmasında da 61 oyun keçirib və 1 qola imza atıb.
“Kasımpaşa” mərkəz müdafiəçisi Daniel Qraovaçla da yollarını ayırıb. Bosniya və Herseqovinadan olan 29 yaşlı futbolçu azad agent kimi “Manisa”ya keçib. O, yeni klubu ilə 2+1 illik müqavilə bağlayıb.
Yeri gəlmişkən qeyd edək ki, Daniel Qraovaçla Azərbaycanın “Neftçi” klubu da yaxından maraqlanırdı. Lakin o, Türkiyədə qalmağa üstünlük verib.
Qraovaç 2022-ci ilin avqustundan “Kasımpaşa”da forma geyinirdi. O, bu komandada cəmi 16 oyuna çıxıb. Təcrübəli oyunçu “Zrinski”, “Astra”, ÇFR, “Jelezniçar”, “Voyvodina”, “Muskron” kimi klublarda da çıxış edib.


