“Tottenhem”in müdafiəçisi Kevin Danso bundan sonrakı karyerasını İngiltərənin digər klubu “Sanderlend”də davam etdirəcək.
Arena.az xəbər verir ki, Avstriya millisinin üzvü 2026/2027-ci illər mövsümünün sonuna qədər “Sanderlend”ə icarəyə verilib.
Klublar arasındakı müqavilədə 27 yaşlı futbolçunun gələn yay məcburi qaydada alınmasını nəzərdə tutan bənd də yer alıb. Bu şərt Dansonun müqavilədə müəyyənləşdirilmiş idman meyarlarını yerinə yetirməsi halında avtomatik qüvvəyə minəcək.
Avstriyalı mərkəz müdafiəçisi 2025-ci ilin fevralında Fransanın “Lans” klubundan icarə əsasında “Tottenhem”ə keçib. Ötən mövsümün startından əvvəl London təmsilçisi onun transfer hüquqlarını birdəfəlik alıb.
Kevin Danso “Tottenhem”in heyətində ümumilikdə 52 rəsmi matç keçirib və 1 qol vurub.
Müdafiəçi Avstriya millisinin əsas futbolçularından biridir. O, yığmanın heyətində 36 oyun keçirib, AÇ-2024-də iştirak edib və DÇ-2026- da 4 matçda meydana çıxıb.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.


