“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne zədə səbəbilə növbəti mövsümün əvvəlini buraxa bilər.
Arena.az bu barədə “The Independent”ə istinadən xəbər verir.
Futbolçunun üçüncü dərəcəli dizaltı vətər yırtığı aldığı ehtimal edilir. De Bröyne bu həftə tibbi müayinədən keçəcək. Yalnız bundan sonra futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu və hansı müddətə yaşıl meydana qayıda biləcəyi məlum olacaq.
Ehtimallar özünü doğrultsa, De Bröynenin mümkün Bakı səfəri də baş tutmaya bilər. Belə ki, onun formasını geyindiyi Belçika yığması sentyabrın 9-da AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq. Futbolçu həmin qarşılaşmaya kimi tam hazır olmasa, Bakıya gətirilməyəcək.
Xatırladaq ki, “Mançester Siti”nin UEFA Çempionlar Liqasının finalında “İnter”ə qarşı keçirdiyi oyunda De Bröyne zədələnərək 36-cı dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Buna rəğmən “şəhərlilər” minimal hesablı qələbə qazana biliblər.
Vurğulayaq ki, De Bröyne UEFA Çempionlar Liqasının 2022/2023 mövsümündə məhsuldar ötürmələrin sayına görə lider olub.
Geridə qalmış mövsüm ərzində Kevin De Bröyne “şəhərlilər”in heyətində 49 oyunda meydana çıxaraq 10 qol vurub, 31 məhsuldar ötürmə ilə fərqlənib. De Bröyne mövsümü “trebl”lə başa vurub: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı De Bröyneni 80 milyon avro məbləğində qiymətləndirir.


