“Nyukasl” klubunun sağ cinah müdafiəçisi Kiran Trippyer İngiltərə milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
Təcrübəli oyunçu ona dəstək olmuş hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Trippyer İngiltərə yığmasında 2017-ci ilin iyun ayında, özünün 26 yaşı olarkən debüt edib. O, bu müddət ərzində millinin heyətində 54 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. Müdafiəçinin hesabında 5 qol ötürməsi də var.
Trippyer İngiltərə millisi ilə AÇ-2020 və AÇ-2024-də gümüş medal qazanıb.
Kiran Trippyer “Mançester Siti”nin yetirməsidir. O, “şəhərlilər”in heyətində olarkən “Barnsli” və “Börnli” kimi klublarda icarədə olub. 2012-ci ildə “Börnli” onu birdəfəlik transfer edib. Müdafiəçi 2015-2019-cu illər aralığında “Tottenhem”də, 2019-2022-ci illər aralığında isə Madrid “Atletiko”sunda forma geyinib.
Trippyer 2022-ci ilin yanvarında İspaniyanın “Atletiko” (Madrid) klubundan 14 milyon avro qarşılığında “Nyukasl”a gəlib. 33 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 94 oyuna çıxıb. O, bu görüşlərdə 4 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


