İtaliyalı futbol məşqçisi, son iki ildə “Kalyari”yə rəhbərlik edən Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Klub saytına açıqlama verən 72 yaşlı Ranyeri bu mövsümün sonunda “Kalyari”dən ayrılacağını və karyerasını bitirəcəyini bəyan edib.
Xatırladaq ki, Ranyeri 2022-ci ilin dekabr ayından “Kalyari”yə rəhbərlik edirdi. Təcrübəli mütəxəssis köhnə-yeni klubu ilə 2025-ci ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə bağlasa da, daha bir il çalışmaq fikrindən vaz keçib. O, bu müddətdə sözügedən komandanı 64 oyuna çıxarıb. 22 qələbə və 22 heç-heçə görmüş Ranyerinin kollektivi 20 görüşdə də xalsız qalıb. Geridə qoymaqda olduğumuz 2023/2024 mövsümündə Ranyerinin rəhbərliyi altında “Kalyari” İtaliya A Seriyasında 15-ci yerdə qərarlaşıb.
Ranyeri daha əvvəl də “Kalyari”yə rəhbərlik edib. O, 1988-1991-ci illər aralığında bu komandanın uğurları üçün çalışıb. Bir sözlə, təcrübəli məşqçi 31 ildən sonra yenidən bu klubda məşqçilik bacarığını nümayiş etdirib.
Klaudio Ranyeri karyerası müxtəlif komandaları çalışdırıb. O, İtaliyada “Puteolana”, “Napoli”, “Fiorentina”, “Parma”, “Yuventus”, “Roma”, “İnter” və “Sampdoriya”ya rəhbərlik edib. İspaniyada “Valensiya” və “Atletiko”nu çalışdırmış mütəxəssis, Fransada “Monako” və “Nant”ın, İngiltərədə “Çelsi”, “Lester Siti”, “Fulhem” və “Uotford”un uğurları üçün çalışıb.
1995/1996 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Super Kubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Super Kubokunu (2004) qazanıb.
Xatırladaq ki, 2015/2016 mövsümündə Klaudio Ranyerinin çalışdırdığı “Lester Siti” gözlənilmədən İngiltərə nəhənglərini üstələyərək, Premyer Liqanın qalibi olub. 81 xal toplamış “tülkü”lər ən yaxın izləyicisi “Arsenal”ı 10 xal geridə qoymuşdu. Ranyerinin yetirmələri 23 oyunda qələbə qazanmış, 12 oyunda heç-heçə etmiş, cəmi 3 oyunda məğlub olmuşdular. “Tülkülər” 68 qol vurub, 36 qol buraxmışdılar.


