Klaudio Xiraldes “Selta”ya baş məşqçi təyin edildi

İspaniyalı gənc mütəxəssis Klaudio Xiraldes La Liqada mübarizə aparan “Selta”nın yeni baş məşqçisi təyin edilib.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

O, baş məşqçi postunda ötən gün istefaya göndərilən Rafael Benitesi əvə edib. Tərəflər arasında müqavilə 2023/2024 mövsümünün sonuna – mayın 31-nə qədər nəzərdə tutulub.

Klaudio Xiraldes məşqçiliyə 2019-cu ildə elə “Selta”da başlayıb. O, bu klubda yeniyetmələrdən ibarət komandaya, U-19-a rəhbərlik edib. 2022-ci ildən “Selta”nın B komandasının baş məşqçisi olan 36 yaşlı məşqçinin əsas komandada da ümidləri doğruldacağı gözlənilir.

Xatırladaq ki, ötən gün ispan mütəxəssis Rafael Benites başda özünün məşqçilər qərargahı olmaqla, 8 aylıq işdən sonra “Selta” ilə yollarını ayırıb. O, 2023-cü ilin iyun ayından sözügedən komandaya rəhbərlik edirdi. 63 yaşlı mütəxəssisin “Selta” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu.

“Rafa” “Selta”nı 33 oyuna çıxarıb, 9 qələbə və 9 heç-heçə, həmçinin 15 məğlubiyyət yaşayıb. Topların fərqi isə 44:49 nisbətindədir.

Hazırda “Selta” La Lqanın 28 turundan sonra 24 xalla yarış cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Viqoluları təhlükəli bölgədən cəmi 2 xal ayırır.

Rafael Benites daha əvvəllər “Real”, “Valensiya”, “İnter”, “Liverpul”, “Napoli” kimi sanballı komandaları çalışdırıb. “Rafa” 2005-ci ildə “Liverpul”la UEFA Çempionlar Liqasının qalibi olub. İspan mütəxəssis “Valyadolid”, “Osasuna”, “Estremadura”, “Tenerife”, “Nyukasl”, “Dalian” və “Everton”da da baş məşqçilik edib.