İspaniya La Liqasının 14-cü turunda “Malyorka”ya qarşı oyun (1:0) “Atletiko”nun ispan mərkəz yarımmüdafiəçisi Koke üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir ki, komandanın kapitanı Kokenin 63 dəqiqə meydanda olduğu oyun ispan futbolçunun “döşəkçilər”in heyətində keçirdiyi 600-cü oyun kimi tarixə düşüb.
Beləliklə, o, Madrid “Atletiko”sunun heyətində müvafiq göstəriciyə nail olmuş ilk futbolçu olub. “Atletiko”nun heyətində keçirdiyi oyunların sayına görə ikinci nəticə Adelardo Rodrigesə məxsusdur (553 oyun).
Koke “Atletiko”da 2008/2009 mövsümündə klubun gənclər komandasında debüt edib, 2010/2011 mövsümündə isə əsas komandaya cəlb edilib. Futbolçu bütün karyerasını yalnız Madrid “Atletiko”suna həsr edib. Ümumilikdə o, “döşəkçilər”in heyətində keçirdiyi 600 oyunda 47 qol vurub, 113 məhsuldar ötürmə verib. Cari mövsümdə ispan futbolçu 13 oyuna 2 məhsuldar ötürmə ilə fərqlənib.
Koke “Atletiko” ilə 8 qənimət qazanıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2011/2012, 2017/2018).
Koke 2013-cü ilin avqustunda debüt etdyi İspaniya yığnasının heyətində 70 oyun keçirib, 8 məhsuldar ötürmə verib. İspan yarımmüdafiəçi “qırmızı qəzəb”in U-21 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 31 yaşlı Kokeni 16 milyon avro məbləğində qiymətləndirir.


