Koke “Atletiko”nun heyətində 700-cü oyununa çıxdı

“Atletiko”nun təcrübəli yarımmüdafiəçisi, Madrid təmsilçisinin kapitanı Koke İspaniya komandasının heyətində 700-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, kapitanın yubileyi “Xetafe” ilə səfər matçına təsadüf edib.

1:0 hesabıyla qalib gəldikləri bu matçda start heyətində meydana çıxmış 33 yaşlı futbolçu paytaxt təmsilçisinin formasını 700-cü dəfə geyinib.

Xatırladaq ki, Koke “Atletiko”nun öz yetirməsidir. O, 2008/2009 mövsümündə bu klubun gənclər komandasında debüt edib, 2010/2011 mövsümündə isə əsas komandaya cəlb edilib. Futbolçu bütün karyerasını yalnız Madrid “Atletiko”suna həsr edib.

Ümumilikdə o, “döşəkçilər”in heyətində 700 oyun keçirib ki, bu da klub tarixində rekord göstəricidir. Yarımmüdafiəçi bu oyunlarda 48 qol vurub, 121 məhsuldar ötürmə verib.

Koke “Atletiko” ilə 8 qənimət qazanıb: 2 İspaniya La Liqası (2013/2014, 2020/2021), İspaniya Kral Kuboku (2012/2013), İspaniya Super Kuboku (2013/2014), 2 Avropa Liqası (2011/2012, 2017/2018), 2 UEFA Super Kuboku (2011/2012, 2017/2018).

Yarımmüdafiəçi 2013-cü ilin avqustunda debüt etdyi İspaniya yığma komandasının heyətində 70 oyun keçirib. O, bu görüşlərdə 8 məhsuldar ötürmə verib. İspan yarımmüdafiəçi “qırmızı qəzəb”in U-21 yığması ilə 2013-cü il Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet portalı 33 yaşlı Kokeni 8 milyon avro məbləğində qiymətləndirir. Kokenin “Atletiko” ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi mövcuddur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: