Konseysao: “Hər iki oyunda “Arsenal”dan daha yaxşı idik”

“Portu”nun baş məşqçisi Serjio Konseysao “əjdahalar”ın ÇL-in 1/8 finalının cavab görüşündə “Arsenal”la səfər oyununu şərh edib.

Arena.az xatırladır ki, ilk oyunda evdə “topçular”a 1:0 hesabı ilə qalib gəlmiş “Portu”, Londonda eyni hesabla məğlub olaraq, penaltilər silsiləsində də yenilib (2:4) və yarışda iştirakına xitam verib.

“Mən fəxr edirəm. Hər iki görüşdə rəqibimizdən üstün idik. Çox qol vuran və Premyer Liqaya başçılıq edən komandaya qarşı əlavə vaxtda bir-iki imkanımız oldu. Çox çalışdıq, amma son ötürmə azacıq əskik oldu. Əks halda davam edərdik.

“Arsenal”ın bizə nə qədər təzyiq göstərəcəyini bilirdik. Həmişə çox aqressiv oynayırlar və biz buna hazır idik. Bu səviyyədə səhvlər baha başa gəlir.

Futbolçularımı təbrik etmək lazımdır, onlar hər şeyi etdilər. Hər iki oyunda daha yaxşı komanda biz idik və növbəti mərhələyə adlamağa layiq idik. Qarşıdurmanın nəticəsini təfərrüatlar həll etdi”, – Konseysao matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: