“Napoli”nin baş məşqçisi, 55 yaşlı italyan mütəxəssis Antonio Konte “eşşəkciklər”in İtaliya çempionluğu uğrunda mübarizəsindən söhbət açıb.
Arena.az italyan jurnalist Canluka Di Martsionun rəsmi saytına istinadən, Kontenin müvafiq açıqlamasını təqdim edir:
“Biz skudettoya yaxınıq, amma bizə son addımı atmaq gərəkdir – evdə, bizim azarkeşlərimiz qarşısında. Bu, çətinliklərlə dolu bir mövsüm idi, amma biz heç vaxt şikayətlənməmişik. Xoşbəxtlikdən, bu mövsüm sona çatır, çünki biz hamını hissə-hissə itiririk. Buna rəğmən, biz mübarizə aparmağa davam edirik. Ümidvaram, bu uşaqlar bu skudettonu qazana biləcəklər.
Qalibiyyət, bu mövsümdə ortaya qoyduqlarım hər şey müqabilində mənim üçün mükafat olardı – mən var-qüvvəmi tamamilə ortaya qoymuşam. Mən çox yorulmuşam, halım yoxdur, çempionatın sonuna güc-bəla ilə özümü çatdırıram. Neapol – nəhəng şövqü və ilhamı ilə, amma çox yüksək gözləntiləri ilə – bəzən komandanın gerçək imkanlarından yüksək fövqəladə bir məkandır”, deyə Konte vurğulayıb.
37 oyundan 79 xalla “Napoli” İtaliya A Seriyasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “İnter” 78 xalla “eşşəkciklər”i daban-daban təqib edib. Göründüyü kimi, sonuncu, 38-ci tur İtaliya çempionunun müəyyənləşməsi baxımından həlledici olacaq.


