“Napoli”nin baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, İtaliya və Azərbaycan çempionları arasındakı görüş sabah Neapol şəhərində baş tutacaq.
Antonio Konte matçdan öncə təşkil edilmiş mətbuat konfransında iştirak edib. 56 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinə qarşı diqqətli olmağın vacibliyini bildirib:
“Biz qarşılaşmaya lazımi enerji ilə başlayacağıq. Çünki şənbə günü “Atalanta” ilə oyunda qələbə qazandıq. Qiymətləndirmələr apardıqdan sonra heyətlə bağlı qərar verəcəyəm. Nəzarət edə bildiyim dəyərləndirmələr var. Bir də nəzarət edə bilmədiklərim, məsələn, zədələr. Amma döyüşməyə hazırıq.
Sabah Maradonanın vəfatının ildönümüdür. Onun Neapol üçün nə ifadə etdiyini hamımız bilirik. Qələbəni ona həsr etmək gözəl olardı.
“Qarabağ” bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır. Bu komandanın 7 xalı var. Onlar “Çelsi”ni də məğlub etmək üzrə idilər. Azərbaycan komandasında keyfiyyətli legionerlər var. “Qarabağ”a qarşı diqqətli olmalıyıq. Hər bir baxımdan böyük oyun sərgiləmək lazım olacaq”.
Konte son günlər mətbuatda komandasındakı mənfi atmosferin yaranması iddialarına belə münasibət bildirib:
“Kənardan deyilənlər daha çox narahatlıq yaradır. Futbolçularla münasibətim çox açıq və səmimidir. Həmişə bir-birimizə doğru olanı deyirik, çünki maskasız bir insanam. Bunu bəziləri bəyənmir, amma mənə hər zaman dürüst olmağı öyrədiblər. Media danışsın, biz isə işimizə davam etməliyik”.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” matçına sabah Bakı vaxtı ilə 00:00-da start veriləcək.


