Bu gün, oktyabrın 16-da “Kordova”nın daha əvvəl itkin düşmüş 18 yaşlı futbolçusu Alvaro Prietonun ölüsü aşkarlanıb.
Arena.az bu barədə AS dərgisinə istinadən məlumat verir.
Prietonun cəsədinin Sevilyadakı Santa-Xusta dəmir yolu stansiyasında körpünün altında dayanmış iki vaqon arasında tapıldığı bildirilir. Cəsədi reportyor Alberto Katalan səhər xəbərlərini yazarkən aşkar edib.
“Kordobada gənc futbolçumuz Alvaro Prietonun ölü tapılmasına təəssüflənirik. Ailənin istəyinə uyğun olaraq klub yalnız rəsmi açıqlama ilə kifayətlənəcək. Klub adından hər kəsə bu çətin vaxtda anlayışla yanaşdıqlarına və hörmətlə yanaşı sevgiyə görə təşəkkür edirik. Rahat yat, Alvaro”, – “Kordova”nın “X” sosial şəbəkəsindəki rəsmi hesabında yazılıb.
Xatırladaq ki, daha əvvəl mətbuatda Prietonun sonuncu dəfə Kordobaya gedən qatara minməyi nəzərdə tutduğu Sevilyadakı Santa-Xusta dəmir yolu stansiyasında göründüyü barədə məlumat yayılmışdı. Bundan sonra futbolçu ilə əlaqə itib. Prietonu ən son görənlərin dəmiryol vağzalı işçiləri olduğu vurğulanır. Onlar bir neçə yeraltı tuneldən keçərək relsə çıxmaq istəyərkən, futbolçudan stansiyanı tərk etməsini istəyiblər.


