Koul Palmer evdə zədə aldı, daha bir neçə oyunu buraxacaq

İngiltərə millisinin və “Çelsi”nin aparıcı futbolçularından olan Koul Palmer zədəsini tam sağaltmamış başqa bir xoşagəlməz aqibətlə üzləşib.

Arena.az xəbər verir ki, yarımmüdafiəçi evdə başına gəlmiş xoşagəlməz hadisə nəticəsində ayaq barmağı sındırıb.

London təmsilçisinin baş məşqçisi Entso Mareska Palmerin “Barselona” və “Arsenal”a qarşı oyunları qəti şəkildə buraxacağını deyib. İtaliyalı mütəxəssis bildirib ki, zədə ev şəraitində təsadüfən baş verib və futbolçunun bərpası üçün müəyyən müddət tələb olunacaq:

“Barmaq sınığı böyük zədə sayılmasa da, ağrı səbəbindən Palmerin yaxın günlərdə meydana çıxması mümkün deyil”, – deyə baş məşqçi vurğulayıb.

Bu itki “Çelsi” üçün ciddi hesab olunur, çünki Palmer bu mövsüm komandanın hücum quruculuğunda və yaradıcılıq xəttində əsas fiqurlardan biri olub.

Koul Palmer “Mançester Siti”nin məzunudur. Hücumameyilli yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin sentyabr ayında 47 milyon avro məbləğ müqabilində məhz “Mançester Siti”dən keçib. Palmerin London təmsilçisi ilə müqaviləsinin müddəti 2033-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 2 qol vurub.

Palmer “Çelsi”nin heyətində ümumilikdə 101 oyun keçirib, 45 qol vurub, 29 məhsular ötürmə verib.

Koul Palmer 2023-cü ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 12 oyun keçirib, 2 qol vurub, 1 məhsudlar ötürmə verib.

Palmer İngiltərənin U-21 yığması ilə Avropa çempionu (2023) olub. Koul “Mançester Siti” ilə də UEFA Çempionlar Liqasını (2022/2023), İngiltərə Premyer Liqasını (2021/2022, 2022/2023), UEFA Super Kubokunu (2023/2024), İngiltərə Kubokunu (2023), İngiltərə Liqa Kubokunu (2021) qazanıb. “Çelsi” ilə isə Palmer Konfras Liqasının (2024/2025) və FIFA Klub Dünya Kubokunun (2025) qalibi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: