“Kristal Pelas” İngiltərə Kubokunu qazandı – Tarixdə ilk!

Londonun “Kristal Pelas” komandası İngiltərə Kubokunun final matçında “Mançester Siti” üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Arena.az xəbər verir ki, 2024/2025-ci illər mövsümünün final görüşü Londondakı “Uembli” stadionunda keçirilib.

Oyunun 16-cı dəqiqəsində qələbə qolunu Ebereçi Eze vurub. 36-cı dəqiqədə “Mançester Siti”nin hücumçusu Omar Marmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Rəqib komandanın qapıçısı Din Henderson zərbəni qaytarıb.

“Kristal Pelas” İngiltərə Kubokunun finalına tarixində üçüncü dəfə çıxıb və ilk dəfə bu turnirin qalibi olub. 1990 və 2016-cı illərdə London təmsilçisi finalda “Mançester Yunayted”ə uduzub. Əvvəllər komanda yalnız İngiltərə çempionatının aşağı divizionlarında və regional turnirlərdə qalib gəlib.

“Mançester Siti” isə tarixində 14-cü dəfə İngiltərə Kubokunun finalında oynayıb və bu, ardıcıl üçüncü final olub. 2023-cü və 2024-cü illərdə komanda “Mançester Yunayted”lə finalda qarşılaşıb – birinci oyunu “Mançester Siti”, ikinci oyunu isə rəqibləri qazanıb. Ümumilikdə, “Mançester Siti”nin İngiltərə Kubokunda yeddi qələbəsi var. İlk qələbə 1904-cü ildə qazanılıb.

Qələbə sayəsində Premyer Liqada mövsümün bitməsinə iki tur qalmış 12-ci pillədə olan “Kristal Pelas” Avropa Liqasına vəsiqə qazanıb. Bu, UEFA Çempionlar Liqasından sonra Avropanın ikinci ən nüfuzlu klub turniridir. London təmsilçisi avrokuboklarda sonuncu dəfə 1998-ci ildə iştirak edib. Həmin vaxt İntertoto Kubokunda yarışaraq üçüncü mərhələdə Türkiyənin “Samsunspor” klubuna məğlub olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: