Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Asiya Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Fayha” ilə qarşılaşıb.
Bu rəqiblə səfərdə baş tutmuş ilk qarşılaşmasından 1:0 hesabıyla qalib ayrılmış “Əl-Nəsr” doğma meydanda da inamlı qələbəyə sevinib. 17-ci dəqiqədə Otavio hesabı açıb. “Nəcd cəngavərləri”nin ulduzu Ronaldo isə 86-cı dəqiqədə fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdirib – 2:0.
Qələbə sayəsində “Əl-Nəsr” Asiya Çempionlar Liqasının 1/4 finalına yüksəlib. Ronaldonun komandasını yarımfinala vəsiqə uğrunda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə mübarizə gözləyir. Bu komandalar arasındakı ilk oyun martın 4-də Birləşmiş Ərəb Əmirliklərindən, cavab görüşü isə martın 11-də Səudiyyə Ərəbistanında baş tutacaq.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 27 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


