Futbol üzrə Portuqaliya milli komandasının hücumçusu Kristiano Ronaldo nəhayət ki, özünə yeni klub tapdı. Arena.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. “Qızıl top”un beşqat qalibinin sözləşməsi 2025-ci ilədək nəzərdə tutulub. 37 yaşlı hücumçunun sponsorluq gəlirləri ilə birlikdə illik qazancının 200 milyon avro olması gözlənilir.
Xatırladaq ki, Kristiano Ronaldo Qətərdə keçirilmiş dünya çempionatından az əvvəl İngiltərənin “Mançester Yunayted” klubu ilə müqaviləsinə xitam vermişdi. Buna görə o, Səudiyyə Ərəbistanı təmsilçisinə azad agent kimi keçib. Ronaldo yeni klubunda da sevimli 7 nömrəli formasını geyinəcək.
Ronaldonun “Mançester Yunayted”dən mövsümün gedişində ayrılmasına tərəflər arasındakı münasibətlərin pozulması səbəb olmuşdu. Belə ki, 37 yaşlı forvard ötən ay Britaniya mətbuatına verdiyi müsahibədə klubu və komandanın baş məşqçisi Erik Ten Haaqı sərt tənqid etmişdi. Kristiano “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləmişdi.
Ronaldo bu mövsüm “qırmızı şeytanlar”ın heyətində Premyer Liqa və Avropa Liqası çərçivəsində 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2003-2009-cu illər aralığında da İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya “Yuventus”undan “Mançester Yunayted”ə keçmişdi. “Qırmızı şeytanlar”ın heyətində ümumilikdə 346 görüş keçirən Ronaldo 145 qola imza atıb, 64 məhsuldar ötürmə müəllifi olub.
Peşəkar karyerasına “Sportinq”də başlamış Ronaldo, “Mançester Yunayted”dən başqa, “Yuventus” (İtaliya) və “Real”da (Madrid, İspaniya) da forma geyinib. Klub karyerası ərzində bütövlükdə 951 matç keçirmiş hücumçu, 701 qol vurub və çoxsaylı rekordlara imza atıb. O, Portuqaliya yığmasında da 196 oyuna çıxıb, 118 qol vurub. Milli komandada vurulan qolların sayına görə dünya rekordu məhz Kristianoya məxsusdur.
Ronaldo Portuqaliya yığması ilə 2016-cı ildə Avropa çempionu, 2018/19 mövsümündə isə UEFA Millətlər Liqasının qalibi olub. O, 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə “Qızıl top” mükafatını qazanıb, 2008-ci ildə FİFA tərəfindən ilin futbolçusu seçilib.
Sonda Ronaldonun müxtəlif klublarla qazandığı titulların siyahısını təqdim edirik:
“Mançester Yunayted”
İngiltərə Premyer Liqa: 2006–07, 2007–08, 2008–09
İngiltərə Federasiya Kuboku: 2003–04
İngiltərə Liqa Kuboku: 2005–06, 2008–09
İngiltərə Super Kuboku: 2007
UEFA Çempionlar Liqası: 2007–08
FİFA Klublararası Dünya Çempionatı: 2008
“Real”
İspaniya La Liqası: 2011–12, 2016–17
İspaniya Kuboku: 2010–11, 2013–14
İspaniya Super Kuboku: 2012, 2017
UEFA Çempionlar Liqası: 2013–14, 2015–16, 2016–17, 2017–18
UEFA Super Kuboku: 2014, 2017
FİFA Klublararası Dünya Çempionatı: 2014, 2016, 2017
“Yuventus”
İtaliya A Seriyası: 2018–19, 2019–20
İtaliya Kuboku: 2020–21
İtaliya Super Kuboku: 2018, 2020


