Kristiano Ronaldo UEFA-dan xüsusi mükafat alacaq

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo UEFA Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimi xüsusi mükafata layiq görüləcək.

Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.

Xatırladaq ki, Ronaldo “Sportinq” (Lissabon), “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un heyətində Çempionlar Liqasında ümumilikdə keçirdiyi 183 oyunda rəqib qapılarına 140 qol vurub.

“Kristiano Ronaldo Çempionlar Liqasının ən parlaq ulduzlarından biridir. Onun yarışdakı qeyri-adi qol nailiyyətləri, görünür, zamanın sınağına tab gətirmək baxımından və gələcək nəsillər üçün çətin çağırış olacaq”, – UEFA-nın prezidenti Aleksander Çeferin bildirib.

Kristiano 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ötən mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib. Cari mövsümdə isə Ronaldo bütün yarışlarda 3 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 67 oyun, 61 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: