Kristof Baumqartner 24 milyon avroya satıldı

Futbol üzrə Avstriya milli komandasının yarımmüdafiəçisi Kristof Baumqartner Almaniya Bundesliqasında klubunu dəyişib.

Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu uzun illərdir formasını geyindiyi “Hoffenhaym”dan “Leypsiq”ə transfer olunub.

Bu barədə Baumqartnerin yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Tərəflər 5 illik (2028-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıblar. “Leypsiq” bu transfer üçün “Hoffenhaym”a 24 milyon avro ödəyib.

Avstriyanın “Sankt Pölten” klubunun yetirməsi olan Kristof Baumqartner 2017-ci ildən “Hoffenhaym”da çıxış edirdi. Cəmi bir il sonra klubun əsas komandasında oynamağa başlayan yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Mərkəz yarımmüdafiəçisi “Hoffenhaym”ın əsas komandasında 138 oyuna çıxıb. O, bu oyunlarda 30 qol və 22 məhsuldar ötürmə müəllifi olub. Baumqartner Avstriya yığmasında meydana çıxdığı 27 oyunda da 8 qola imza atıb.

“Hoffenhaym”da daha bir ayrılıq, bir yeni transfer, bir yeni müqavilə

Baumqartneri satan “Hoffenhaym” digər yarımmüdafiəçisi Sebastyan Rudi ilə də yollarını ayırıb. Almaniya yığmasının sabiq üzvü ilə müddəti bitən müqavilə yenilənməyib. Rudi 2019-cu ilin iyulundan formasını geyindiyi bu klubda 327 oyun keçirib, 17 qol və 47 assist müəllifi olub. Daha öncə “Ştutqart”, “Bayern” və “Şalke”də də oynamış 33 yaşlı futbolçu millidə də 29 oyuna 1 qol vurub. Onun karyerasını harada davam etdirəcəyi hələ bilinmir.

Bu iki müdafiəçinin əvəzində “Hoffenhaym” “Paderborn”dan Yulian Yustvanı transfer edib. Almaniyadan olan 25 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Bundesliqa klubu bu transfer üçün 1.5 milyon avro xərcə düşüb. “Paderborn”da 102 oyuna 11 qol və 21 assistə imza atmış Yustvan Almaniyanın U-18 yığmasında da forma geyinib.

“Hoffenhaym” mərkəz müdafiəçisi Kevin Akpoquma ilə də yeni müqavilə bağlayıb. Nigeriya əsilli almaniyalı futbolçu ilə sözləşmə 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub. 2013-cü ildən bu klubda forma geyinən 28 yaşlı müdafiəçi indiyə qədər meydana çıxdığı 133 oyunda 4 qol və 6 assistlə yadda qalıb. O, icarə əsasında iki mövsüm Düsseldorf “Fortuna”sında, bir mövsüm isə “Hannover”də də oynayıb. Daha öncə “Karlsrue”də də forma geyinmiş futbolçu Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynadıqdan sonra, 2020-ci ildə Nigeriyanın əsas millisində debüt edib. O, bu komandada 4 matç keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: