“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik.
Hakim hər iki tərəfə eyni dərəcədə yanaşırsa, o zaman sərt oyuna şərait yaratması normaldır. Gəlin, oyun haqda danışaq”.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Futbolçularıma əzmkar oyuna görə təşəkkür edirəm. Tovuzda oynamaq asan deyil. Bu gün komandamı məğlub görmürəm. Biz bu gün uduzmamışıq. Amma ilk dəqiqələrdən hiss edirdim ki, buradan xalla ayrılmaq çətin olacaq.
“Turan Tovuz”a qarşı hücum futbolu oynamaq çətindir. Rəqib çoxsaylı uzun ötürmələrdən istifadə edir. Ona görə də bizim topla oynamaq imkanımız olmurdu. 60-cı dəqiqədən sonra oyuna nəzarət bizdə idi. Bir uzun ötürmə ilə bizim cərimə meydançamıza gəlirdilər. Bu gün belə oynamağımızın səbəbi “Turan Tovuz”un oyun fəlsəfəsi idi.
Hakimliyə gəlincə, aut atılanda oyun artıq bitmişdi. Əminəm ki, autu biz atsaydıq, oyun bitəcəkdi. Son vaxtlar dəb halını alıb ki, legioner məşqçilər hakimlərin üzərində təzyiq yaradırlar. Hakimlər də bu təzyiqə düşürlər. Son 6 ildə çempionatda ən çox səhvlər “Zirə”yə qarşı olub. Biz də bəyanat yaya bilərik. Hakimlər üzərində təzyiq yaradılır. Bunu açıq-aşkar hiss edirəm. Ümid edirəm ki, hakimlər bu təzyiqin altında qalmayacaqlar”.


