Bir dəstə naməlum şəxs “Vest Hem”in fransalı müdafiəçisi Kurt Zumanın evinə oğurluq etmək məqsədi ilə soxulub.
Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, hadisə futbolçunun özü və ailəsi evdə ikən, dekabrın 2-də baş verib.
Bildirilir ki, soyğunçular oyunçudan 100 min funt-sterlinq (116 min avro), həmçinin 3 milyon funt-sterlinq (3,4 milyon avro) dəyərində müxtəlif zinət əşyaları və digər əşyalar oğurlayıblar. Nə futbolçu, nə də ailəsi xəsarət almayıb. Amma baş verənlərin Zuma və ailəsi üçün güclü sarsıntı olduğu vurğulanır.
“Vest Hem” klubu futbolçusunun başına gəlmiş hadisəyə dərhal qarşılıq verib və naməlum qarətçiləri tapmaq üçün 25 min funt-sterlinq məbləğində mükafat vəd edib. Həmçinin klub rəsmi saytında hadisə ilə bağlı bəyanat dərc edib:
“Şənbə günü Kurt və ailəsinin evinə naməlum şəxslər tərəfindən basqın edilib və bu, onları çox məyus edib. Xoşbəxtlikdən heç kim zərər görməyib, ancaq bu, “Vest Hem”in müdafiəçisi, onun həyat yoldaşı və gənc ailəsi üçün zərbə olub.
Oğrular Zuma ailəsi üçün qiymətli və böyük şəxsi əhəmiyyət kəsb edən əşyaları aparıblar.
“Vest Hem” ailəsi Kurtun ailəsinə tam dəstək verməyə davam edir. Klubun sədri Devid Sallivan soyğunçuların kimliyi ilə bağlı məlumatı olan hər kəsi bu barədə bildirməyə səsləyib”, – “Vest Hem”in rəsmi bəyanatında deyilir.
Hazırda polis faktla bağlı araşdırma aparır.


