Kvaratsxeliyanın qolu A Seriyasının ən gözəl qolu seçildi

“Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliyanın vurduğu qol İtaliya A Seriyasının 2022/2023 mövsümünün ən yaxşı qolu seçilib.

Arena.az bu barədə İtaliya çempionatının yüksək divizionunun mətbuat xidmətinə istinadən məlumat verir.

Qol A Seriyasının 26-cı turunun “Napoli”nin Neapolda “Atalanta”nı qəbul etdiyi oyunda (2:0) vurulub. Cərimə meydançasının sərhədində komanda yoldaşı Viktor Osimhendən ötürmə alan gürcü hücumçu bir neçə möhtəşəm aldadıcı hərəkətlər edərək, topu “Atalanta”nın qapısından keçirib. Bu qol oyunun müqəddəratını həll edib.

22 yaşlı Kvaratsxeliya geridə qalmış mövsümdə “Napoli” ilə ilk mövsümündəcə İtaliya çempionu olub və mövsümün ən yaxşı oyunçusu seçilib. Ümumilikdə, Kvaratsxeliya 2022/2023 mövsümündə A Seriyasında 43 oyun keçirib, 14 qol vurub, 17 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı Xviça Kvaratsxeliyanı 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: