La Liqa Valensiyada baş vermış yanğına görə iki oyunu təxirə saldı

Şənbə günü, La Liqa və Sequnda çərçivəsində Valensiyada baş tutması nəzərdə tutulmuş iki oyun güclü yanğın səbəbindən təxirə salınıb.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, 14 mərtəbəli binanı əhatə etmiş və qonşu binaya keçmiş yanğın nəticəsində azı 4 nəfər həlak olub.

19 nəfər isə hələ də itkin düşmüş hesab edilir. Şəhərdə matəm elan edilib və bu həftə sonu planlaşdırılmış bütün tədbirlər ləğv edilib.

Şənbə günü, fevralın 24-də La Liqada baş tutması nəzərdə tutulmuş “Valensiya” – “Qranada” oyununu və Sequnda çərçivəsində “Levante” – “Andorra” oyunu təxirə salınıb.

Yeri gəlmişkən qeyd edək ki, İspaniya La Liqasının 26-cı turunun oyunları Valensiyadakı yanğında həyatını itirmiş şəxslərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayacaq.

Xatırladaq ki, daha əvvəl “Valensiya” Futbol Klubu “Qranada” ilə oyunun təxirə salınması ilə bağlı La Liqa rəhbərliyinə müraciət etmişdi.

İspaniya La Liqasının 25 turundan sonra “Valensiya” 36 xalla 8-ci, “Qranada” isə 14 xalla 19-cu pillədə qərarlaşıb. La Liqaya 62 xalla “Real” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: