Lamin Yamal: “Barselona” Çempionlar Liqasının favoritidir”

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal iddialı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az “Sport.es” dərgisinə istinadən, yeniyetmə ulduzun müvafiq qənaətini təqdim edir:

“Biz, “Liverpul”un yarışdan ələnməsi ilə Çempionlar Liqasında qalibiyyətə favoritik. Biz heç bir komandadan qorxmuruq və ailəyik. Artıq “Barselona” bir il qabaq PSJ ilə oyunlardakı komanda deyil”, deyə Yamal vurğulayıb.

Yamal finalda “blauqrana”nın əzəli rəqibi “Real”la qarşılaşmaq ehtimalı ilə bağlı sualı da cavablayıb:

“Əgər biz finala qədər gəlib-çatsaq, onda rəqibin kimliyi mənim üçün fərq etməz. Amma əgər bu, “Real” olsa, bu amil oyunu daha da xüsusi edər. Bu, nəsə müstəsna bir xüsus olar ki, bizim hamımıza da xoş gələr”, deyə Yamal bildirib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 13 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 89 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 18 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: