Bu yay Bolqarıstanın “Botev” (Vratsa”) klubundan azad agent kimi ayrılmış malili hücumçu Lassana Ndiaye “Kəpəz”ə keçib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib. Hücumçu Lassana Ndiaye ilə 1+1 illik müqavilə imzalanıb.
Malinin “Quidars” klubunun yetirməsi karyerası ərzində ÇSKA (Moskva), “AFC Eskilstuna”, “Veles”, “Tekstilşik” (İvanovo), “Arda”, “Radniçki” kimi klublarda da forma geyinib. O, 2024-cü ilin yanvarında qoşulduğu “Botev”i ötən ayın sonunda azad agent kimi tərk edib. Malili forvard Bolqarıstan klubunun heyətində 10 oyuna 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Malinin U-17 və U-20 yığmalarında oynamış futbolçuya əsas millidə debüt şansı verilməyib.
Xatırladaq ki, “Kəpəz” Lassanadan öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra) və Məmməd Hüseynovu (“Zirə”) da heyətinə qatmışdı. Yeqor Xvalko, Ehtiram Şahverdiyev və Əli Səmədov isə bu klubla yeni müqaviləyə imza atıb. Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Fall da Gəncə klubunu tərk ediblər.


