UEFA Çempionlar Liqasının 1/8 finalının “Bayern”lə cavab oyunu ərəfəsində “Latsio” azarkeşləri faşist şüarları səsləndiriblər.
Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.
Bildirilir ki, Roma klubunun 100 azarkeşi Münhendəki “Hofbroyhaus” pivə restoranında faşist şüarları səsləndirib və siyasətçi Benito Mussolinini tərifləyiblər.
“Hofbroyhaus”, 1920-ci ilin fevralında bu yerdə Adolf Hitlerin “Alman Fəhlə Partiyası”nın adını “Milli-sosialist Alman Fəhlə Partiyası” adlandırmağı təklif etdiyi və həmçinin “25 bənd” proqramını elan etdiyi bir yığıncaq keçirməsi ilə məşhurdur.
Vurğulayaq ki, “Latsio”nun azarkeşləri arasında faşizm əhvalında fikirlərin nümayişi ilk hal deyil. “Qartallar” mütəmadi olaraq belə hoqqalara yer verirlər. Sözüedən hadisə ilə əlaqədar, UEFA-nın cəzasının qaçılmaz olacağı da vurğulanır.
Oyuna gəlincə, “Bayern” ilk oyunda Romada 0:1 hesablı gözlənilməz məğlubiyyətinin əvəzini “qartallar”ı Münhendə 3:0 hesabı ilə “yolmaqla” ödəyib və Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.


