“Latsio” fanatları “Roma”lı futbolçuya su şüşəsi atdılar

Yanvarın 10-da İtaliya Kubokunun 1/4 finalı çərçivəsində baş tutmuş “Latsio” – “Roma” derbisi (1:0) yenə qalmaqalsız ötüşməyib.

Arena.az məlumat verir ki, “qartallar”ın “canavarlar”ı məğlub etdiyi oyunun gedişində “Latsio” azarkeşlərində biri “Roma”nın italyan mərkəz yarımmüdafiəçisi Edoardo Bovenin başına içki şüşəsi tolazlayıb.

Şüşə Bovenin peyşərinə tuş gəlib. Ağrıdan yerə çökmüş Edoardo şüşəni meydandan kənara tullayıb.

Oyunun özü isə gərgin mübarizə şəraitində keçib. “Roma” əzəli rəqibi “Latsio”ya 0:1 hesabı ilə məğlub olaraq İtaliya Kubokunda mübarizəsinə xitam verib. Yeganə qolu oyunun 51-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirməklə Mattia Zakkanyi vurub. Oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində isə hakim üç futbolçunu meydandan qovub. 90+5 və 90+6-cı dəqiqələrdə dübarə sarı vərəqə almış “qartal” Pedronu hakim “qırmızıya boyayaraq”, meydandan uçurub. Az sonra “qladiatorlar” – Sərdar Əzmun (90+10) və Canluka Mançini (90+11) birbaşa qırmızı vərəqə alaraq, Pedronun arxasınca paltardəyişmə otağına yollanıblar. Hər üç futbolçu qeyri-idmani davranışı müqabilində cəzalanıb.

Azarkeşlər də bekar dayanmayıblar. Tribunalardan bir-birinin ünvanına yağan təhqir və söyüşlər Roma derbisində həmişə olduğu kimi qulaq dəlib. İntizam Komitəsinin müvafiq hallarla bağlı ölçü götürəcəyi vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: